Rusiya alimləri gözdən əlil insanlar üçün orqanizmə müdaxilə tələb etməyən yeni cihaz yaradıblar.
Foodinfo.az xəbər verir ki, cihaz neyrooplastiklik əsasında işləyir.
Neyroplastiklik təcrübənin təsiri altında beynin yeni və ya (zədə, yaxud xəstəlik səbəbindən) itirilmiş sinir əlaqələrini yaratmaq, yaxud "oyatmaq" xüsusiyyətidir.
"Umwelt" startapının rəhbəri Maksim Komenskinin sözlərinə görə, insan gördükdə işıq görmə qabiliyyətinə cavabdeh olan sahəyə düşür, korlarda isə, təəssüf ki, bu funksiya işləmir. Ona görə də alimlər işığı (kameradakı təsviri) dilə yönəltmək qərarına gəliblər.
Bu zaman nə baş verir? Tutaq ki, siz şkafa baxırsınız. Yaxın hissələrdən (tutacaq və ön qapıdan) gələn işıq siqnalı daha güclü, uzaq hissələrdən gələn isə daha zəif olacaq. Dildə yerləşən xüsusi matrisadakı bu siqnal axını sancmalardan ibarət bir növ hisslər xəritəsinə çevrilir.
Beləliklə, tədricən beyin dildəki hisslərdən vizual obrazlar yaratmağı öyrənir.
Bu cihazdan təxminən bir ay istifadə etdikdən sonra toxunma və görmə zonaları təmas etməyə başlayır və nəticədə görmənin özü işığa reaksiya verməyə başlayır.