Gündəlik rasionda “yüngül” və ya zərərsiz kimi qəbul edilən bəzi məhsullar əslində sürətlə çəki artımına yol aça bilər. Foodinfo.az xəbər verir ki, “SM-Klinika”nın terapevti və dietoloqu Yelena Ustinova bu qidaların düşündüyümüz qədər təhlükəsiz olmadığını bildirib.
Onun sözlərinə görə, ilk növbədə meyvə şirələrinə diqqət etmək lazımdır. Dietoloq bildirib ki, cəmi 100 millilitr meyvə şirəsində təxminən 15 qram karbohidrat — yəni üç çay qaşığı şəkər olur. Adi 350 millilitrlik bir stəkan şirə içildikdə isə orqanizm, demək olar, 10 çay qaşığı şəkər qəbul edir. Ustinovanın fikrincə, belə yüksək şəkər miqdarı müntəzəm istifadə zamanı çəki artımına və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər.
Mütəxəssis qeyd edib ki, dondurulmuş smuzilər, müxtəlif rollar, müsli və qranola da elə də “yüngül” sayılmamalıdır. Onun sözlərinə görə, bu məhsulları tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur, lakin miqdarına nəzarət etmək vacibdir.
Digər mütəxəssis — “SM-Klinika”nın kardioloqu Anastasya Malay isə Lenta.ru-ya açıqlamasında duzun şərti olaraq faydalı məhsul sayıla biləcəyini bildirib. O deyib ki, duz az miqdarda bədən üçün zəruridir, lakin həddindən artıq istifadə maye yığılmasına, təzyiqin yüksəlməsinə və ödemlərin yaranmasına səbəb olur.
Malay əlavə edib ki, insanların qəbul etdiyi duzun təxminən 80 faizi birbaşa duzqabından deyil, hazır məhsullardan — çörək, kolbasa, müxtəlif souslar, konservlər, yarımfabrikatlar və hətta peçenyelərdən gəlir.






