Koreya mətbəxinin məşhur yeməyi olan kimçi hər nə qədər faydalı probiotiklərlə zəngin olsa da, hər kəs üçün uyğun deyil. Foodinfo.az xəbər verir ki, Perm Politex Universitetinin alimi Valeri Litvinov bu məhsulun bəzi insanlarda sağlamlıq üçün risk yarada biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, kimçinin əsas xüsusiyyəti onun tərkibindəki Weissella koreensis adlı bakteriyadır. Bu bakteriya mədə turşusuna qarşı davamlı polisaxaridlər sintez edir və güclü iltihabəleyhinə təsir göstərir. Həmçinin, o, zərərli mikroblara qarşı — məsələn, qızılı stafilokok və salmonella kimi patogenlərə qarşı — təbii qoruyucu maddələr istehsal edir.
Bununla belə, alim xəbərdarlıq edib ki, məhsulun yüksək bioloji aktivliyi onu hər kəs üçün təhlükəsiz etmir. Litvinovun sözlərinə görə, kimçidən hipertoniyası və ürək-damar xəstəlikləri olan şəxslər uzaq durmalıdır, çünki bu yeməyin duz tərkibi olduqca yüksəkdir.
Həmçinin qastrit, mədə xorası və ya yanğı problemi yaşayan insanlar üçün də kimçi zərərli ola bilər, çünki onun kəskin və turş tərkibi bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər.
Mütəxəssis əlavə edib ki, histaminə qarşı həssaslığı olan şəxslər də bu yeməyi qəbul etməməlidirlər. Fermentləşdirilmiş məhsullar histaminin orqanizmdə yığılmasını artıraraq allergik reaksiyalara və baş ağrılarına səbəb ola bilər.
Litvinov eyni zamanda xəbərdarlıq edib ki, kimçinin tərkibi diqqətlə öyrənilməlidir. Onun bəzi növlərinə əlavə edilən anchous, karides və soya sousu allergik təsir göstərə bilər.
Alimin fikrincə, sağlam insan üçün kimçi faydalı probiotik mənbədir, lakin xroniki mədə və ya ürək-damar problemləri olanlar üçün bu yeməyi ehtiyatla və az miqdarda qəbul etmək daha doğrudur.






