Hazır və emal olunmuş qidalar gündəlik həyatda rahat olsa da, onların həddindən artıq istehlakı ürək-damar sağlamlığı üçün risk yarada bilər. Foodinfo.az xəbər verir ki, “GorKlinika”nın qastroenteroloqu İrina Yakovleva yarımfabrikatlar, sosis və kolbasa növləri, müxtəlif souslar, pendirlər və fastfud məhsullarının çoxluqla istehlakının infarkt və insult riskini artırdığını açıqlayıb.

Həkim bildirib ki, bu məhsullarda duzun normadan artıq olması əsas təhlükə mənbəyidir. “Duz təzyiqi yüksəldir, bu isə birbaşa ürək-damar problemlərinə və insult riskinə səbəb olur,” – deyə Yakovleva qeyd edib. O əlavə edib ki, şəkərin həddindən artıq qəbulu da çəki artımı, qanda trigliseridlərin yüksəlməsi və diabet riskini artırır, nəticədə ürək fəaliyyətinə mənfi təsir göstərir.

Mütəxəssis insanları belə məhsullardan tam imtina etməyə çağırmır. Əksinə, əsas mesajı budur ki, yarımfabrikatları ağıllı və ölçülü şəkildə istifadə etmək vacibdir. Evdə hazırlanmış yeməklər, təzə tərəvəz və meyvələr, həmçinin sağlam protein mənbələri rasiona daxil edilməlidir.

Yakovleva həmçinin vurğulayıb ki, ürək sağlamlığı üçün balanslı qida seçimləri, duz və şəkərin miqdarına nəzarət, həmçinin fiziki aktivlik vacib şərtlərdəndir. Sağlam rasionu qorumaq, həm qısa, həm də uzun müddətli dövrdə ürəyin qorunmasına kömək edir.