Qəhvə bir çox insan üçün enerji mənbəyi hesab olunsa da, mütəxəssislər bəzi hallarda bu içkinin sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. Xüsusilə müəyyən xəstəlikləri olan şəxslərin qəhvə qəbuluna diqqətlə yanaşması tövsiyə olunur.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, terapevt, valeoloq və nutritionist Nadejda Çernışova qəhvənin bəzi insanlar üçün əks göstəriş olduğunu bildirib. Onun sözlərinə görə, ölçülü miqdarda qəbul edilən qəhvə insanı gümrahlaşdırsa da, həddindən artıq istifadə sağlamlığa mənfi təsir göstərə bilər.

Mütəxəssis qeyd edib ki, xüsusilə arterial təzyiqi qeyri-sabit olan şəxslər qəhvə istifadəsində ehtiyatlı olmalıdırlar. Bildirilib ki, gənc yaşlarda kofein qan təzyiqinin yüksəlməsinə daha çox səbəb ola bilər.

Həkim əlavə edib ki, yaşlı insanlarda damarların elastikliyi azaldığı üçün orqanizmin kofeinə reaksiyası fərqli ola bilər. Buna baxmayaraq, qəhvənin həddindən artıq qəbulu yenə də arzuolunmaz hesab edilir.

Nadejda Çernışovanın sözlərinə görə, qastrit və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə qəhvə mədə divarını qıcıqlandıra və xəstəliyin gedişini ağırlaşdıra bilər.

Ekspert qəhvənin güclü sidikqovucu təsirə malik olduğunu da vurğulayıb. Onun sözlərinə görə, həddindən artıq qəhvə qəbulu orqanizmdə susuzlaşma riskini artıra bilər.

Mütəxəssislər qəhvə qəbulunda fərdi həssaslığın nəzərə alınmasının vacib olduğunu bildirirlər.