Kəsmik zülal, kalsium və B qrupu vitaminləri ilə zəngin olan ən faydalı süd məhsullarından biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu məhsulun günün hansı vaxtında qəbul edilməsi orqanizmin xüsusiyyətlərindən asılıdır.
Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, dietoloq Dariya Rusakova kəsmiyin həm səhər, həm də axşam saatlarında faydalı ola biləcəyini bildirib. Onun sözlərinə görə, hər iki vaxtın orqanizm üçün fərqli üstünlükləri var.
Dietoloq qeyd edib ki, səhər saatlarında qəbul edilən kəsmik uzun müddət toxluq hissi yaradır, enerji verir və maddələr mübadiləsini aktivləşdirir. Bundan əlavə, səhər qəbul edilən kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənildiyi vurğulanıb.
Mütəxəssis bildirib ki, axşam saatlarında yeyilən kəsmik isə əzələlərin bərpasına kömək edir. Tərkibində olan kazein zülalı gecə boyunca əzələ toxumasını dəstəkləyir.
Dariya Rusakovanın sözlərinə görə, kəsmikdə olan triptofan amin turşusu melatonin hormonunun sintezini stimullaşdırır və yuxu ritminin tənzimlənməsinə kömək edir. Axşam qəbul edilən kəsmik həmçinin qanda qlükoza səviyyəsinin sabit qalmasına dəstək verir.
Dietoloq yüksək şəkər tərkibli əlavələrdən uzaq durmağı tövsiyə edib. O bildirib ki, şəkər və çox şirin meyvələr kəsmiyin faydasını azalda bilər.
Ekspert əlavə edib ki, ən uyğun seçim yağlılığı 5 faizdən çox olmayan kəsmik hesab olunur. Həmçinin ödemə meyilli insanların axşam saatlarında bu məhsulu ehtiyatla istifadə etməsi məsləhət görülüb.
Mütəxəssislər gündəlik porsiyanın təxminən 100-150 qram olmasını tövsiyə edirlər.






