Mütəxəssislər bildirirlər ki, əsas qida qəbulları arasında seçilən ara qidalar ümumi sağlamlıq və çəki nəzarətində mühüm rol oynayır. Yanlış seçilmiş qəlyanaltılar gün ərzində artıq şəkər və kalori qəbuluna səbəb ola bilər.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, dietoloqlar yalnız meyvə, peçenye və ya konfetdən ibarət ara qidaları tövsiyə etmirlər. Bildirilir ki, tərkibində yalnız şəkər olan qəlyanaltılar qanda şəkərin sürətlə yüksəlməsinə və tez acmağa səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, düzgün ara qida həm zülal, həm faydalı yağlar, həm də liflə zəngin olmalıdır. Sardina balığı, qoz-fındıq, toxumlar, tərəvəzlər və humus bu baxımdan faydalı seçimlər hesab edilir.
Ekspertlər meyvənin qoz və ya tumlarla birlikdə qəbul edilməsinin qlükozanın qana daha yavaş qarışmasına kömək etdiyini bildirirlər. Yerkökü ilə humus, tam tərkibli sendviçlər və az miqdarda balıq və ya quş əti də balanslı qəlyanaltı nümunələri arasında göstərilir.
Məqalədə qeyd olunur ki, omeqa-3 yağ turşuları və liflə zəngin ara qidalar iltihab proseslərinin azalmasına və uzunmüddətli toxluq hissinin yaranmasına kömək edir. Mütəxəssislər xüsusilə şəkərli və yüksək emal olunmuş məhsulların tez-tez istifadəsindən uzaq durmağı tövsiyə edirlər.






