Mütəxəssislər bildirirlər ki, arıqlamaq istəyən insanların şəkərdən tamamilə imtina etməsi vacib deyil. Əsas məsələ gündəlik qəbul edilən şəkərin miqdarına nəzarət etməkdir.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, məşqçi-nutritionist Yuri Brabeçan şəkərin birbaşa yağ yandırmanı dayandırmadığını bildirib. Onun sözlərinə görə, əsas problem şəkərli məhsulların gündəlik kalori normasını artırmasıdır.

Ekspert qeyd edib ki, insanlar çox zaman qazlı içkilər, mağaza desertləri, şirin yoqurtlar və müxtəlif souslar vasitəsilə fərqinə varmadan artıq kalori qəbul edirlər. Bu isə arıqlama prosesini çətinləşdirir.

Yuri Brabeçan arıqlama dövründə əlavə şəkərin gündəlik miqdarının 20-30 qram arasında saxlanılmasını tövsiyə edib. O bildirib ki, bir banka adi kola belə gündəlik maksimal şəkər normasına yaxın göstərici ehtiva edir.

Mütəxəssis arıqlamağa yeni başlayan insanlara ilk iki həftə ərzində bütün şəkərli içkilərdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu dövrdə əsas içkilər su, şəkərsiz çay və qəhvə olmalıdır.

Ekspert həmçinin şirniyyatların acqarına və ayrıca qəlyanaltı kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayıb. Bildirilib ki, şəkərli məhsulların nəzarətli şəkildə istifadəsi həm çəki azaltmağa, həm də qidalanma balansını qorumağa kömək edə bilər.