Mütəxəssislər istifadə olunmuş yağın mətbəx çanağına tökülməsinin kanalizasiya sistemi üçün ciddi problemlər yarada biləcəyini bildirirlər. Yanlış utilizasiya həm boruların tutulmasına, həm də xoşagəlməz qoxuların yaranmasına səbəb olur.
Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, isti yağ kanalizasiya borularına daxil olduqdan sonra zaman keçdikcə soyuyaraq bərkiyir və boruların daxili səthinə yapışır. Su və qida qalıqları ilə birləşən bu qatlar keçid hissəsini daraldır və nəticədə suyun axını zəifləyir.
Mütəxəssislərin sözlərinə görə, yağın davamlı şəkildə axara tökülməsi borularda qalın çöküntülərin yaranmasına gətirib çıxarır. Bu isə həm kanalizasiyanın tutulmasına, həm də bakteriyaların çoxalmasına şərait yaradır.
Ekspertlər bildirirlər ki, bəzi hallarda yaranan tıxacların aradan qaldırılması üçün boruların dəyişdirilməsi belə lazım olur. Bu səbəbdən işlənmiş yağın düzgün şəkildə atılması vacib sayılır.
Məsləhət görülür ki, tavada qalan yağ əvvəlcə soyudulsun, daha sonra isə boş plastik qaba və ya butulkaya tökülərək ağzı möhkəm bağlansın. Bundan sonra həmin qab məişət tullantıları ilə birlikdə atıla bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu sadə üsul həm kanalizasiya sistemini qoruyur, həm də evdə xoşagəlməz qoxuların və əlavə təmir xərclərinin qarşısını almağa kömək edir.






