Pendir bir çox insanın gündəlik qidasında yer alan ən sevilən məhsullardan biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, onun həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, pendir faydalı zülal və kalsium mənbəyi olsa da, tərkibində yüksək miqdarda doymuş yağ və duz var. Mütəxəssislərin sözlərinə görə, cəmi 30 qram çedar pendirində bir paket çipsdən daha çox duz ola bilər. Bu isə yüksək təzyiq, xolesterin artımı və ürək-damar xəstəlikləri riskini yüksəldir.

Araşdırmalar göstərib ki, pendirin orqanizmə təsiri yalnız yağ və duz miqdarı ilə bağlı deyil. Alimlər “matriks effekti” adlandırılan xüsusiyyətin pendirin zərərli təsirlərini qismən azaltdığını bildirirlər. Yəni məhsulun tərkibindəki maddələrin birgə təsiri xolesterinin yüksəlməsinin qarşısını müəyyən qədər ala bilir. Kanada alimlərinin 2017-ci ildə apardığı araşdırmada müəyyən olunub ki, pendirdəki yağlar orqanizmdə yağlı məhsullardan fərqli şəkildə mənimsənilir.

Dietoloq Aleksis Supanın sözlərinə görə, gündə 50-85 qram pendir istehlakı sağlam insanlar üçün təhlükəsiz hesab edilə bilər. Lakin ürək-damar problemi olanlara və qidalanmasına diqqət edən şəxslərə gündə maksimum 30 qram keyfiyyətli pendir yemək tövsiyə olunur. Ekspertlər bildirirlər ki, pendirdən tam imtina etməyə ehtiyac yoxdur, əsas məsələ ölçünü qorumaqdır.