Mütəxəssislər bildirirlər ki, gündəlik qidalanma vərdişlərinə diqqət yetirməklə artıq yemək probleminin qarşısını almaq mümkündür. Sadə, lakin effektiv qaydalara əməl etmək həm sağlamlığı qoruyur, həm də düzgün porsiya nəzarətini təmin edir.
Foodinfo.az РИА Новости saytına istinadla xəbər verir ki, həkim və ekspert Andrey Martyuşev-Poklad qeyd edib ki, həddən artıq yeməyin əsas səbəblərindən biri orqanizmdə maye çatışmazlığıdır. Onun sözlərinə görə, insan kifayət qədər su içmədikdə beyin bunu aclıq siqnalı kimi qəbul edir və nəticədə artıq qida qəbul edilir. Mütəxəssis gündəlik su normasını bədən çəkisinin hər kiloqramına təxminən 30 ml hesabı ilə müəyyən etməyi tövsiyə edir ki, bu da orta hesabla gündə 1,5–2 litr edir.
Ekspert əlavə edib ki, yüksək insulin ifrazına səbəb olan qidalar – xüsusilə şirniyyatlar, bəzi meyvələr və nişastalı məhsullar – toxluq hissini zəiflədir və insanı daha çox yeməyə sövq edir. Bundan başqa, qidanın sürətlə yeyilməsi və kifayət qədər çeynənməməsi də beyinin toxluq siqnallarını gec qəbul etməsinə gətirib çıxarır. Həkim məsləhət görür ki, yeməkdən əvvəl bir stəkan ilıq su içilsin, daha çox zülal və tərəvəz əsaslı qidalar seçilsin və hər tikə ən azı 30 dəfə çeynənsin. Bu yanaşma artıq yeməyin qarşısını almağa və sağlam qidalanmanı formalaşdırmağa kömək edir.






