Həddindən artıq yemək bir çox insanın qarşılaşdığı əsas qidalanma problemlərindən biridir. Mütəxəssislər bildirirlər ki, bu hal təkcə iradə zəifliyi ilə deyil, həm də orqanizmdə yaranan müəyyən fizioloji səbəblərlə bağlı olur.
Foodinfo.az РИА Новости agentliyinə istinadla xəbər verir ki, həkim Andrey Martyuşev-Poklad həddindən artıq yeməyə səbəb olan üç əsas amili açıqlayıb. Onun sözlərinə görə, ən geniş yayılmış səbəb orqanizmdə su çatışmazlığıdır. Bu zaman beyin aclıq siqnalını daha güclü şəkildə ötürür və insan normadan artıq qida qəbul edir.
Mütəxəssis bildirib ki, ikinci səbəb insulin ifrazını həddindən artıq artıran məhsullardır. Şirniyyatlar, bəzi meyvələr, un məmulatları, makaron və kartof kimi nişastalı qidalar toxluq hissini zəiflədə bilər. Həkim uzun müddət tox saxlayan təbii və balanslı məhsullara üstünlük verilməsini tövsiyə edib.
Ekspertin sözlərinə görə, üçüncü mühüm səbəb qidanın çox sürətli yeyilməsi və yaxşı çeynənməməsidir. Bu halda beyin toxluq siqnalını gec qəbul edir və insan mədəsi dolduqdan sonra belə yeməyə davam edir.
Həkim həddindən artıq yeməyin qarşısını almaq üçün yeməkdən əvvəl bir stəkan ilıq su içməyi, zülal və tərəvəzlə zəngin qidalara üstünlük verməyi və hər tikəni yaxşı çeynəməyi məsləhət görüb.






