Mütəxəssislər dərmanların yanlış şəraitdə saxlanmasının onların təsirini zəiflədə və sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. Xüsusilə işıq və rütubət preparatların tərkibinə mənfi təsir göstərir.

Foodinfo.az “Çempionat” nəşrinə istinadla xəbər verir ki, “Stoliçki” apteklər şəbəkəsinin provizoru İnna Şçyokina dərmanların quru və işıqdan qorunan yerdə saxlanmasının vacibliyini izah edib. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar preparatlarda fotokimyəvi reaksiyalar yaradır və aktiv maddələrin parçalanmasını sürətləndirir.

Mütəxəssis bildirib ki, havadakı rütubət qablaşdırmaya nüfuz edərək dərmanın strukturunu dəyişə bilər. Nəticədə tabletlər boşalır, siroplar bulanıqlaşır, toz şəklində olan preparatlar isə bərkiyərək istifadəyə yararsız hala düşür.

İnna Şçyokina qeyd edib ki, bir çox insan rahatlıq məqsədilə dərmanları şəffaf qablara tökür, lakin bu düzgün hesab olunmur. O bildirib ki, istehsalçılar preparatları xüsusi qoruyucu qablaşdırmada təqdim edir və həmin qablar işığın mənfi təsirini azaltmaq üçün nəzərdə tutulub.

Provizor dərmanların zavod qablaşdırmasında saxlanmasını və karton qutuların atılmamasını tövsiyə edib. Onun sözlərinə görə, tünd şüşə, qeyri-şəffaf plastik və karton materiallar dərmanları ultrabənövşəyi şüalardan qoruyur.

Mütəxəssis əlavə edib ki, dərmanların vanna otağında və ya lavabo yaxınlığında saxlanılması məsləhət görülmür. Ən uyğun yerin istilik mənbələrindən və hava nəmləndiricilərindən uzaqda yerləşən qapalı dolab olduğu bildirilib.