Mütəxəssislər brokolinin beyin fəaliyyətinə müsbət təsir göstərdiyini bildirirlər. Araşdırmalara görə, bu tərəvəzin müntəzəm istifadəsi yaddaşın və diqqətin qorunmasına kömək edə bilər.

Foodinfo.az “EatingWell” saytına istinadla xəbər verir ki, dietoloq Lauren Manaker brokolinin tərkibində beyin hüceyrələrini qoruyan antioksidantların çox olduğunu bildirib. Onun sözlərinə görə, tərəvəzdəki K vitamini və sulforafan maddəsi zehni fəaliyyəti dəstəkləyir.

Mütəxəssis qeyd edib ki, brokoli sinir sistemində iltihab riskini azaltmağa kömək edir. Bu isə yaş artdıqca yaranan yaddaş problemlərinin qarşısının alınmasına dəstək verir.

Lauren Manaker bildirib ki, tərəvəzin buxarda hazırlanması faydalı maddələrin daha yaxşı qorunmasına imkan yaradır. Onun sözlərinə görə, həddindən artıq bişirmə vitamin itkisinə səbəb olur.

Ekspert brokolinin digər yaşıl tərəvəzlərlə birlikdə istifadəsinin daha faydalı olduğunu vurğulayıb.