Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb.
Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir.
Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.
Müraciət edənlər arasında beş nəfərin azyaşlı olduğu bildirilir.
Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər.
Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır.
Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.
Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir.
Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.