Ölkəyə gətirilən bitki və bitkiçilik məhsullarından, əkin və səpin materiallarından və digər yüklərdən nümunələrin götürülməsi baxış və ekspertizasının aparılması üçün həyata keçirilir. Məqsəd isə tənzimlənən zərərli, həmçinin fitosanitar risk səviyyəsi müəyyən edilməmiş orqanizmlərin aşkarlanması, eləcə də yükdə tənzimlənən zərərli orqanizmlərin və ya onlarla sirayətlənmiş yük vahidlərinin sayının bu orqanizmlər üçün müəyyən edilmiş yol verilən həddinin aşılmamasının təmin edilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olması və yayılması haqqında əlavə məlumatların toplanılması, fitosanitar tələblərə uyğunluğun yoxlanılması və yükün sirayətlənmə səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Bu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ında əks olunub. 

Foodinfo.az-ın məlumatına görə, təlimata əsasən, yükə uyğunluğun müəyyənləşdirilməsi üçün bir neçə ayrı vizual yoxlamadan ibarət baxış həyata keçirilir. Baxış zamanı hər partiyadan ayrılıqda nümunələr götürülməlidir. Hər bir partiyadan götürülmüş nümunələr təcrid olunmalı (ayrıca tutulmalı) və etiketlənməlidir. Mal partiyasının eyniliyi mənşə, istehsalçı, qablaşdırma yeri və vasitələri, növü, sortu və ya yetişgənlik dərəcəsi, ixracatçı, istehsal zonası, tənzimlənən zərərli orqanizmlər və onların xüsusiyyətləri, istehsal yerində işlənməsi (emalı) və emal tipi meyarları üzrə müəyyən edilir. Dövlət fitosanitar müfəttişləri tərəfindən mal partiyalarının tanınması üçün müəyyənləşdirilmiş meyarlar üzrə ardıcıl olaraq, o cümlədən etiketlənmə qaydalarına uyğun şəkildə qeydlər aparılmalıdır.

Nümunə götürmə ilk növbədə nümunə vahidinin (məsələn, meyvə, kök, buket, çəki vahidi, paket və ya karton qutu və s.) müəyyənləşdirilməsindən ibarətdir. Nümunə vahidinin müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqəlidir. Baxış zamanı 1-dən çox zərərli orqanizm növü aşkar edilsə, aşkar edilən hər bir zərərli orqanizm növü üzrə biri-birindən asılı olmayan ayrıca nümunə vahidləri götürülür.

Nümunə götürülməsi səlahiyyətli orqanın müfəttişləri tərəfindən aparılan baxış və ya ekspertiza üçün nümunə vahidlərinin seçilməsi prosesidir. Yüklərə və ya partiyalara fitosanitar baxış zamanı nümunələrin götürülməsi, seçilmiş vahidi əvəz etmədən aparılır. Yəni dövlət fitosanitar müfəttişləri nümunə götürmə tam başa çatmayana qədər bu materialı yükün üzərinə qaytarmır.

Nümunəgötürmə əl və xüsusi texniki avadanlıq və ya vasitələrlə (mexaniki və yaxud silindrik nümunəgötürücülər, çalovlar, şuplar, sınaq şüşələri, kağız paketlər, zərflər və ya qutular və s.) aparılır. Uyğun nümunə götürmə üsulunun seçimi zərərli orqanizmin rast gəlinməsi tezliyi və onun mal və ya partiyada paylanması, həmçinin, xüsusi baxış imkanları ilə əlaqəli əməliyyat parametrləri üzrə aparılır. Müəyyən zərərli orqanizmin aşkarlanması ehtimalını artırmaq üçün, nümunə götürmə aparıldığı hallarda, müfəttişlər tərəfindən partiyanın sirayətlənmə ehtimalı daha çox olan hissəsini və ya hissələrini müəyyən edilərək, məqsədli nümunə götürmə üsullarından istifadə edilməlidir. Nümunə ölçüsü isə yoxlanılan və ya təhlil edilən partiyadan və ya yükdən götürülmüş vahidlərin miqdarıdır. Götürülən nümunələr üzrə yükün fitosanitar vəziyyətinin qiymətləndirilməsi və aparılan ekspertizanın nəticələri müvafiq məhsul partiyasına şamil edilir.

Qeyd edək ki, nümunələrin götürülməsinə dair ümumi tələblər var. Belə ki, yüklərin karantin tətbiq edilən zərərli orqanizmlər, eləcə də təhlükəli zərərvericilərlə yoluxmasının aşkarlanması üçün əvvəlcə nəqliyyat vasitələrinin içərisinə, yəni yükün daşındığı hissələrə və ümumi sahəsinə, qapılara, o cümlədən qablaşdırma və arakəsmə materiallarına və yükün səthinə baxış həyata keçirilir. Müfəttiş ilk növbədə zərərvericilərin rast gəlinməsi ehtimalı yüksək olan yerlərdən (töküntülər, ovuntular, çatlardakı toz yığınları, yarıqlar, nisbətən çox isinən yerlər və s.) nümunələr götürülməlidir. Karantin tətbiq edilən zərərli orqanizmlər və yaxud digər təhlükəli zərərvericilər aşkarlandıqda, yoxlama dayandırılır, yoluxmuş məhsullar qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilir və ya geri qaytarılır. Fitosanitar nəzarətin keçirilməsi zamanı rast gəlinən zədələnmiş və xəstəliklərə yoluxmuş və ya yoluxma əlamətləri olan bütün bitkiçilik məhsulları seçilərək ayrıca nümunə paketlərinə yığılır və laboratoriya eksperizası üçün ayrılan nümunəyə daxil edilir. Gizli yoluxmaların aşkarlanması üçün orta nümunələrin ayrılması zəruridir. Yüklərdən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməlidir. İlkin nümunənin götürülmə yerində laboratoriya ekspertizası üçün ayrılmış nümunələr formalaşdırıldıqdan sonra nümunələrin götürüldüyü məhsulun qalan hissəsi yenidən götürüldüyü partiyaya birləşdirilir. Partiyanı təşkil edən bütün nəqliyyat vasitələri boşaldıldıqdan sonra onların daxili səthinə baxış keçirilir. Töküntü və ovuntular olduğu halda, onlardan nümunələr götürülərək ekspertizasının aparılması üçün göndərilir.