İnsanların çoxu artıq çəki və ya sağlamlıq narahatlıqları səbəbindən şirniyyatlardan tamamilə uzaq durmağa çalışır. Lakin mütəxəssislərin fikrincə, bu, düzgün yanaşma deyil. Foodinfo.az “Qovorit Moskva” radiostansiyasına istinadla xəbər verir ki, psixoloq Anastasya Karaçevseva şirniyyatdan tam imtinanın nə fiziki, nə də emosional baxımdan faydalı olmadığını bildirib.
Onun sözlərinə görə, şirniyyatdan tam uzaqlaşmaq əks təsir göstərə bilər və nəticədə insanda qida ilə bağlı gərginlik, hətta günahkarlıq hissi yaradar. Psixoloq hesab edir ki, əsas məsələ şirniyyatı qadağan etmək deyil, onun qəbulunda balans və nəzarəti qorumaqdır. “Əsas məsələ odur ki, nə vaxt, nə qədər və nə ilə birgə qəbul etdiyimizi bilək. Bir tərəfdə iradə dayanmalıdır, digər tərəfdə isə daxili uşağımızı qayğı ilə ‘beşikləməliyik’. Əsas odur ki, bu iki tərəf bir-birini incitməsin,” – deyə Karaçevseva vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bəzən insanlar “tam qadağa” ilə problemi həll etdiklərini düşünürlər, halbuki bu, sadəcə müvəqqəti təsir yaradır. O, bildirib ki, insanın öz bədəninə qarşı mehriban münasibət göstərməsi və psixoloji rahatlıq əldə etməsi uzunmüddətli nəticə üçün daha vacibdir. “Əgər insan özünə qarşı çox sərt olarsa, bu, tərs nəticə verə bilər – nəzarəti itirəcək və şirniyyata daha çox meyl göstərəcək,” – deyə psixoloq əlavə edib.
Onun sözlərinə görə, bədəni dinləmək, aclıq və toxluq siqnallarını düzgün anlamaq, həmçinin gün ərzində balanslı qidalanmaq emosional yemə davranışının qarşısını almaqda əsas rol oynayır. Karaçevseva hesab edir ki, sağlam münasibət – tam qadağa deyil, moderasiya və özünə qayğıdır.






