Çay dünyada sudan sonra ən çox içilən içkilərdən biridir. Lakin onun faydalı xüsusiyyətlərinə baxmayaraq, sağlamlığa zərər vurmamaq üçün ölçünü saxlamaq vacibdir.
Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, “SM-Klinika”nın qidalanma mütəxəssisi Darya Xaykina çayın düzgün istifadəsi barədə ətraflı danışıb.
Mütəxəssis bildirib ki, çayın növü, dəmlənmə dərəcəsi və insanın sağlamlıq vəziyyəti əsas amillərdir. Qara və yaşıl çay gündə 600–900 millilitr (təxminən 3–5 stəkan) miqdarda içildikdə təhlükəsiz sayılır. Ağ çay və ulun növü isə daha az kofein tərkibli olduğundan bir litrədək içilə bilər. Bitki çaylarında isə tərkib önəmlidir: məsələn, çobanyastığı çayını daha çox içmək olar, lakin nanə çayının çox istifadəsi təzyiqi azalda bilər.
Onun sözlərinə görə, zərərli olan çayın özü deyil, onun həddindən artıq bərk dəmlənməsidir. Belə hallarda yuxusuzluq, narahatlıq və ürək döyüntülərinin artması kimi əlamətlər yarana bilər. Bir stəkan qara çayda təxminən 90 milliqram kofein olur ki, bu da bir espresso qədərdir. Həmçinin, içkidəki tanin maddəsi bədənin dəmiri mənimsəməsini çətinləşdirə bilər.
Çayın çox bərk dəmlənməsi mədə-bağırsaq narahatlıqları, yanğı, qəbizlik və ürəkbulanma kimi problemlərə də yol aça bilər. Bu xüsusilə qastrit və yüksək turşuluqdan əziyyət çəkənlər üçün keçərlidir. Həmçinin içkidəki oksalatlar böyrəklərə əlavə yük salaraq daş əmələ gəlməsini sürətləndirə bilər.
Xaykina əlavə edib ki, çay yarpaqları flüor maddəsini toplaya bilir, bu da ucuz növlərin çox içilməsi halında diş və sümüklərlə bağlı problemlərə gətirib çıxara bilər.
Mütəxəssis sağlamlıq üçün gündə 3–5 stəkan zəif dəmlənmiş çay içməyi, lakin bunu yeməkdən dərhal sonra etməməyi tövsiyə edib.
Onun sözlərinə görə, çay düzgün miqdarda içildikdə həm bədəni canlandırır, həm də orqanizmə xeyir verir. Yaşıl çayda olan antioksidantlar hüceyrələrin qocalmasını ləngidir, damarları möhkəmləndirir və ürəyin fəaliyyətini dəstəkləyir. Bitki çayları isə rahatlanmağa, həzmi yaxşılaşdırmağa və immuniteti gücləndirməyə kömək edir.






