Soyuq fəsillərdə orqanizmin sağlam qalması üçün qidalanma balansı xüsusi əhəmiyyət kəsb edir. Foodinfo.az Lenta.ru-ya istinadla xəbər verir ki, həkim-kardioloq Yevgeni Kokin damar sağlamlığı üçün ən faydalı məhsulları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, düzgün qidalanma trombozun qarşısını alan əsas amillərdəndir. Damarların elastikliyini qorumaq və iltihabı azaltmaq üçün tərəvəz və meyvələr gündəlik menyuda olmalıdır. Bu qidalar tərkibindəki C və E vitaminləri, eləcə də antioksidantlar sayəsində damar divarlarını gücləndirir.

Kokin qeyd edib ki, balıq və dəniz məhsulları orqanizm üçün vacib olan omeqa-3 yağ turşularının əsas mənbəyidir. Bu turşular qan dövranını yaxşılaşdırır, xolesterini tənzimləyir və ürək-damar xəstəliklərinin riskini azaldır.

Həkim həmçinin gündəlik rasionda qoz, badam, kətan toxumu kimi məhsullara yer ayrılmasını məsləhət görür. Onlar faydalı yağlar, maqnezium və liflə zəngindir, bu da qan təzyiqini normallaşdırmağa və tromb əmələ gəlməsinin qarşısını almağa kömək edir.

Kardioloq bildirib ki, bütöv taxıllı məhsullar – xüsusilə yulaf, qəhvəyi düyü və çovdar çörəyi – qanda şəkərin səviyyəsini sabit saxlayır və damarların tıxanmasının qarşısını alır.

Maraqlı məqamlardan biri isə kofeyə aid olub. Kokin vurğulayıb ki, təbii qəhvə də damar sağlamlığı üçün faydalı ola bilər, çünki tərkibində antioksidantlar var. Lakin o, içkinin miqdarına diqqət edilməsini tövsiyə edib: gündə 1–2 fincan kifayətdir və içkiyə şəkər əlavə edilməməlidir.

Mütəxəssis sonda xatırladıb ki, sağlam damar sistemi üçün yalnız qidalanma deyil, həm də müntəzəm hərəkət və yuxu rejimi vacibdir.