Noyabrın 1-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, Qoşqar Təhməzli səfir Xuan Rodriqo Labardini Floresi səmimi salamlayaraq, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonağa ətraflı məlumat verib. Agentlik sədri bildirib ki, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulması, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi ölkələr arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir. Səfir Xuan Rodriqo Labardini Flores səmimi görüşə görə təşəkkürünü bildirərək, əməkdaşlıq əlaqələlərinin qurulması üçün böyük potensialın olduğunu qeyd edib. Görüşdə Meksikadan Azərbaycana idxal olunan qida məhsullarına müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi, bu sahədə normativ hüquqi bazanın yaradılması, sertifikatların qarşılıqlı tanınması və təcrübə mübadiləsinin aparılmasının təşkilinə dair məsələlər diqqətə çatdırılıb. Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.