Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.  Foodinfo.az xəbər verir ki, budəfəki sərgi-satış yarmarkası Xaçmaz KOB evinin qarşısında təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat İnstitutları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri - həmçinin yerli toxum istehsalçıları toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu gün ölkə üzrə keçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada Xaçmazdan olan fermerlərlə yanaşı Quba, Qusar, Siyəzən həmçinin digər rayonlardan olan fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satış yarmarkaları istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında, işgüzar görüşlərin keçirilməsində, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunmasında böyük əhəmiyyət kəsb edib.