Bakı Apellyasiya Məhkəməsində “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin inzibati qaydada 8750 avro cərimə cərimələnməsi barədə qərarından verilən şikayətə baxılıb.
Hakim Namiq Məmmədovun sədrliyi ilə baxılan iclasda qərar elan edilib.
Qərara əsasən, şirkətin cərimə edilməsi barədə Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarı ləğv edilib və icraata xitam verilib.
Qeyd edək ki, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən 8750 avro (35000 avronun iyirmi beş faizi miqdarında) cərimə edilmişdi.
İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir. (Report)