Ət satışı müəssisəsinin divarları, tavanı, döşəməsi, pəncərələri, qapıları yuyulabilən və dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialdan olmalıdır.

 Foodinfo.az xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinini müvafiq qərarı ilə təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı (olduğu təqdirdə) əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar, eləcə də giriş qapısında ayaqqabıların dezinfeksiya edilməsi məqsədi ilə qoyulan dezinfeksiyaedici örtüklə təchiz olunmalıdır. Eyni zamanda plastik ət kəsim lövhələri asan yuyulan və sanitar tələblərə cavab verən olmalı və hər iş gününün sonunda yuyularaq dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Sənədə əsasən, ət və ət məhsullarının daşınması zamanı istifadə olunan nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsinin yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. Həmçinin müəssisədə mövcud olan və kəsim prosesində istifadə olunan bütün ləvazımatların (avadanlıq və alətlər) ən azı gündə bir dəfə dezinfeksiyası aparılmalıdır. Ət və ət məhsulları ilə təmasda olan kəsici alətlər hər iş gününün sonunda sterilizasiya aparatı ilə dezinfeksiya edilməlidir. Eləcə də müəssisənin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr isə ət və ət məhsullarının saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır. Ət və ət məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici maddələr, zərərvericilərlə mübarizədə istifadə edilən vasitələr və s.) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır.

Qeyd edək ki, müəssisə daxilində dezinfeksiya və digər sanitariya normaları və qaydalarına əsasən görülən işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır.

Onu da bildirək ki. dezinfeksiya xəstəlik törədən mikroorqanizmlərin kimyəvi maddələr vasitəsilə məhv edilməsidir.