Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Lüks EXP” MMC-nin Özbəkistan Respublikasından idxal etdiyi “Sam Ekspres Savdo Plus LLC” müəssisəsinin istehsalı olan ümumi çəkisi 10 200 kq üyüdülmüş qırmızı istiot məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Agentlikdən Foodinfo.az-s bildirilib ki, müayinələr nəticəsində məhsul partiyasında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.

Bundan başqa, "Food Fish" MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan (25.12.2023-cü il istehsal tarixli, 25.12.2025-ci il son istifadə tarixli) ümumi çəkisi 25 100 kq olan “JUNAN RUIXING PEANUT FOOD CO. LTD.” müəssisəsinin istehsal etdiyi qovrulmuş araxis məhsulu partiyasından götürülən nümunələrin müayinələri nəticəsində “Aflatoksin B1” miqdarının normadan artıq olduğu müəyyən edilib.

Hər iki faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.