Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Foodinfo.az AQTA-ya istinadən xəbər verir ki, qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:

- Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı;

- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli;

- Əldə yara olarsa, yemək hazırlamazdan əvvəl sarğı ilə bağlanmalı;

- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli;

- Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı;

- Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli;

- Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı;

- İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli;

- Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı;

- Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli;

- Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli;

- Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı;

- Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.