Evdar qadınlar günəbaxan yağını müxtəlif yerdə saxlayırlar. Bəziləri şkafda, bəziləri soyuducuda, bəziləri isə sobanın yanındakı masanın üstündə saxlayırlar.

Foodinfo.az xəbər verir ki, ekspertlərin fikrincə, günəbaxan yağının saxlanma üsulu bu məhsulun keyfiyyətinə təsir edir.

Belə ki, günəbaxan yağı birbaşa günəş şüalarını və temperatur dəyişməsini sevmir. Buna görə də soyuducu və sobanın yanındakı masa saxlma üçün uyğun yer deyil.

Uzun müddət işığın altında qaldıqda, daxilində məhsulun dadını və qoxusunu xoşagəlməz hala gətirən oksidləşmə prosesi başlaya və nəticədə yağ korlana bilər. 

Ən optimal saxlanma temperaturu 5-20°C arasındadır.

Mütəxəssislər qeyd edirlər ki, günəbaxan yağı zirzəmidə və ya mətbəx şkafında saxlanılsa, dadı və təzəliyi daha uzun müddət qalacaq.

Ekspertlər həmçinin vurğulayıblar ki, yağın saxlanıldığı qabın qapağını möhkəm bağlamaq vacibdir, çünki oksidləşmə oksigenlə təmas zamanı da baş verir. Məhsulu plastik qabda saxlaya bilərsiniz, lakin onu tünd rəngdə şüşə butulkaya tökmək ideal variantdır.