Koronavirus epidemiyasına baxmayaraq, fransızlar ərzaq məhsulları defisitindən qorxmamalıdırlar. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin əsas ərzaq distributorları ilə görüşdən sonra İqtisadiyyat naziri Brüno Lö Mer bildirib. Nazir əsas ərzaq məhsullarının çatışmazlığı ilə bağlı təhlükə olmadığını qeyd edib. Bununla belə, istehlakçıları ehtiyaclarına görə ərzaq məhsulu almağa çağırıb. Nəqliyyat naziri Elizabet Born və nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari ölkədə martın 16-dan etibarən ictimai nəqliyyatın 80 faizinin xidmət göstərəcəyini, sonrakı günlər tədricən azalacağını bildiriblər. Paris metrosunda 10 qatardan 7-nin hərəkət edəcəyi, uzaq məsafə qət edən sürət qatarlarının 2-dən 1-nin hərəkət edəcəyi qeyd edilib. Təhsil naziri Jan-Mişel Blanke çıxışında əhalinin yarısının (50-60 faiz) koronovirusa yoluxmaq ehtimalını səsləndirib. Xatırladaq ki, koronavirus epidemiyasının 3-cü mərhələsində olan Fransada bu virusa yoluxanların sayı 4500-dən çox, ölənlərin sayı isə 91-i keçib. Hazırda reanimasiyalarda 300 xəstə var.