Payız aylarında ağciyər iltihabı (sətəlcəm) halları xeyli artır və bir çox insan bu xəstəliyi adi soyuqdəymə ilə səhv salır. Foodinfo.az xəbər verir ki, Seçenov Universitetinin həkim-pulmonoloqu, tibb elmləri namizədi Aleksandr Palman bildirib ki, xəstəliyin ilk mərhələsində sətəlcəmi adi virus infeksiyasından ayırmaq demək olar ki, mümkün deyil, çünki ilkin əlamətlər çox oxşardır.
Həkimin sözlərinə görə, payız və qış mövsümündə sətəlcəmin artmasının iki əsas səbəbi var. Birincisi, soyuq hava şəraiti tənəffüs yolları infeksiyalarının yayılmasına şərait yaradır. İkincisi, sətəlcəm çox vaxt adi virus xəstəliyinin ağırlaşması kimi meydana çıxır.
Palman bir neçə “xəbərdarlıq əlamətini” xüsusi vurğulayıb ki, bu hallarda dərhal həkimə müraciət olunmalıdır. Onun sözlərinə görə, sətəlcəmi adi soyuqdəymədən fərqləndirən əsas əlamətlər bunlardır:
– bədən hərarətinin üç gündən çox 40 dərəcəyə yaxın qalması;
– nəfəs darlığının yaranması;
– hərarət düşdükdən sonra onun yenidən qalxması.
Mütəxəssis qeyd edib ki, bu əlamətləri görməməzlikdən gəlmək olmaz, çünki müasir viruslar bəzən gözlənilməz davranır və qızdırma 5–7 gün davam edə bilər. Bu da xəstəliyin ağırlaşması riskini artırır, xüsusilə də yaşlı insanlarda və xroniki ağciyər və ya şəkər xəstəliyi olanlarda.
“Ana fikir budur: özünüzü pis hiss edirsinizsə, həkimə gedin. Özünüzü bir qədər yaxşı hiss etsəniz belə, amma xəstəlik uzanırsa, yenə də həkimə müraciət edin. Sətəlcəmi özbaşına müəyyənləşdirmək çox çətindir,” – deyə pulmonoloq Palman bildirib.
Mütəxəssis xəbərdarlıq edib ki, vaxtında müayinə və düzgün müalicə ağır fəsadların qarşısını almağın ən etibarlı yoludur.






