Enerji içkilərinə vitaminlər orqanizmdəki vitamin çatışmazlığını aradan qaldırmaq üçün deyil, tərkibindəki stimullaşdırıcı maddələrin təsirini gücləndirmək məqsədilə əlavə olunur. Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya istinadla Sports.kz məlumat yayıb.

Kimya və biotexnologiya kafedrasının dosenti, farmakologiya üzrə elmi məsləhətçi Sergey Solodnikov bildirib ki, enerji içkiləri orqanizmə daxil olduqda sinir, ürək-damar və həzm sistemini aktivləşdirən bir sıra reaksiyalar yaradır:
“Bu içkilərdəki hər bir maddə həmin prosesdə öz rolunu oynayır”, – deyə alim qeyd edib.

Onun sözlərinə görə, enerji içkilərində əsas stimullaşdırıcı maddələr kofein, guaraba (sarmaşıq meyvəsi), L-karnitin və taurin hesab olunur.

“Bu maddələrin təsiri bəzən gözlənilməz olur, çünki onların çoxu yüksək, bəzən isə yol verilən maksimum miqdarda istifadə edilir. Sağlam orqanizm belə təsirdən sonra bütün funksiyalarda kəskin yüksəliş, daha sonra isə qaçılmaz eniş və yorğunluq yaşayır”, – deyə Solodnikov xəbərdarlıq edib.

Alim bildirib ki, bu içkilərin tərkibindəki əlavə maddələrə şəkər və vitaminlər daxildir. Şəkər asan mənimsənilən karbohidrat olduğundan orqanizmdə dərhal enerji artımı yaradır və kofeinin təsirini gücləndirir. Vitaminlər isə bu prosesdə daha çox yardımçı rol oynayır.

“B qrupu vitaminləri köfaktor kimi çıxış edir, yəni onlar qidanın enerji şəklinə çevrilməsi üçün lazımdır. Məhz buna görə istehsalçılar onları əlavə edir: şəkər yanacaq rolunu, kofein stimullaşdırıcı təsiri, B vitaminləri isə bu ‘yanacağın’ daha səmərəli ‘yanmasını’ təmin edən qığılcım rolunu oynayır”, – deyə alim izah edib.

C vitamini isə antioksidant və turşuluq tənzimləyicisi kimi çıxış edir. Onun əlavə olunması içkinin dadını və rənginin doyumluluğunu saxlamağa kömək edir.

Solodnikovun sözlərinə görə, sağlam insanın orqanizmində adətən C və B vitaminlərinin çatışmazlığı müşahidə olunmur:
“Bu vitaminlər gündəlik qidadan kifayət qədər qəbul edilir. Əgər orqanizmdə ciddi çatışmazlıq yoxdursa, əlavə qəbul edilən vitamin daha çox enerji vermir – bədən yalnız ehtiyac duyduğu qədərini mənimsəyir, qalan hissə isə xaric olunur.”