Alıcıların həm büdcəsini qorumaq, həm də daha sağlam seçimlər etməsi üçün marketə getməzdən əvvəl nəzərə almaları bəzi məqamlar var.

Alış-verişdən əvvəl atılan kiçik addımlar böyük qənaət və daha düzgün qida seçimi ilə nəticələnir.

Foodinfo.az xəbər verir ki, marketə yollanmadan öncə məhsul siyahısı hazırlamaq impulsiv alışların qarşısını alır və insanların yalnız ehtiyac duyduğu məhsulları seçməsinə kömək edir. 

Evdəki soyuducu və ərzaq dolabını yoxlamaq isə artıq məhsul alınmasının qarşısını alan ən vacib addımlardan hesab olunur.

Alış-verişə ac getmək çox zaman lazımsız və yüksək kalorili qidaların seçilməsinə səbəb olur. Bu səbəbdən marketə çıxmazdan əvvəl yüngül qida qəbul etmək tövsiyə olunur.

Məhsulların tərkibini oxumaq şəkər, duz və əlavə maddələrə nəzarət baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə hazır və paketli qidalarda etiketləri yoxlamaq sağlam qidalanma üçün vacib şərtlərdən biridir.

Alış-verişə gedərkən büdcə limiti müəyyən etmək, endirim tələlərinə aldanmamaq və mövsümi məhsullara üstünlük vermək də həm qənaət, həm də keyfiyyət baxımından mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, “2 al, 1 ödə” kimi kampaniyalar yalnız həqiqətən lazım olan məhsullarda sərfəli ola bilər.

Ekoloqlar isə alıcıları özləri ilə parça və ya çoxistifadəli çanta götürməyə çağıraraq plastik paket istifadəsinin azaldılmasının ətraf mühit üçün vacib olduğunu vurğulayırlar.

Alış-verişdən əvvəl düzgün hazırlıq həm ailə büdcəsini qoruyur, həm də sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir.