7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən 600 milyon insanda qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsinin hər 10 sakinindən biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya irimiqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirib. Həyata keçirilən tədbirlər çərçivəsində istehlakçılara və sahibkarlara həm sosial şəbəkələr, həm kütləvi informasiya vasitələri, həm də digər kommunikasiya vasitələri ilə müxtəlif mesajlar ötürülüb. Mövzu ilə bağlı nəfis tərtibatda çap materialları hazırlanaraq Respublika üzrə qida zənciri boyunca fəaliyyət göstərən 1000-dən artıq müxtəlif sahibkarlıq subyektlərində yerləşdirilib. Çap materialında qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin məsuliyyəti və üzərlərinə düşən vəzifələr diqqətə çatdırılıb. Eyni zamanda sosial şəbəkələrdə videomüraciətlə çıxış edən AQTA sədri Qoşqar Təhməzli mövzunun aktullağını nəzərə çatdıraraq qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəfləri kampaniyaya qoşulmağa dəvət edib. Hökumət nümayəndələri və müxtəlif beynəlxalq qurumların rəhbərləri çağırışa qoşularaq, hər kəsin qida təhlükəsizliyi prosesində iştirakının vacibliyini vurğulayıblar.
Ümumdünya Qida Təhlükəsizliyi Günü həmin təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qeyd edilir. Bu il dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hamının işidir” şüarı ilə keçirilir.