Mətbəxdə istifadə olunan doğrama taxtalarının düzgün seçilməsi və ayrılması sağlamlıq üçün düşündüyümüzdən daha əhəmiyyətlidir. Foodinfo.az xəbər verir ki, texnika elmləri namizədi, qidalanma üzrə ekspert Nelli Lvoviç “Qovorit Moskva” radiostansiyasına açıqlamasında hər bir məhsul növü üçün ayrı doğrama taxtasından istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, çiy ət, balıq və ya toyuq potensial olaraq zərərli mikroorqanizmlər daşıya bilər və bu da digər məhsullara keçərək insan sağlamlığı üçün təhlükə yarada bilər.

Mütəxəssis bildirib ki, ən optimal üsul çiy məhsullar üçün ayrıca taxtaların ayrılması, hazır və yeməyə hazır məhsullar, məsələn, salat üçün tərəvəzlərin isə tamamilə başqa taxtalarda doğranmasıdır. Bu yanaşma çarpaz çirklənmə riskini minimuma endirir və qida təhlükəsizliyini qoruyur.

Lvoviç əlavə edib ki, material seçimi də önəmlidir. Onun fikrincə, şüşə və daşdan hazırlanmış taxtalar gigiyena baxımından daha üstün hesab olunur, çünki onlar daha yaxşı yuyulur və səthlərində bakteriyalar daha az toplanır. O, xüsusilə plastik taxtalardan çəkinməyi tövsiyə edib, çünki istifadə zamanı onlardan qopmuş xırda hissəciklər orqanizmə daxil ola bilər.

Ekspertin sözlərinə görə, ailələrin əksəriyyəti mətbəxdə sadəcə bir taxta ilə kifayətlənir, lakin bu, ciddi səhvdir. Çünki çiy ətin və ya balığın təması ilə yoluxan bakteriyalar tərəvəzlərə keçdikdə, artıq yuyulma prosesi belə onların tam təmizlənməsinə zəmanət vermir. Bu isə həm bağırsaq pozğunluqları, həm də daha ağır infeksiyalara yol aça bilər.

Nelli Lvoviç qeyd edib ki, mətbəx qaydalarına diqqət etmək sadə görünsə də, nəticəsi olduqca böyükdür. Çünki qida təhlükəsizliyi yalnız məhsulların keyfiyyətindən yox, həm də hazırlama zamanı göstərilən diqqətdən asılıdır. Mütəxəssis tövsiyə edir ki, hər evdə ən azı iki müxtəlif doğrama taxtası olsun və onlar rənglərlə və ya işarələrlə fərqləndirilsin ki, qarışıqlıq yaranmasın.

Fərqli doğrama taxtalarının istifadəsi yalnız peşəkar aşpazların deyil, hər bir ev sahibəsinin gündəlik qaydası olmalıdır. Bu, həm sağlamlığı qorumağa, həm də yeməklərin daha təhlükəsiz hazırlanmasına zəmin yaradır.