Şimali Karolinadan olan dermatoloq, doktor Noks Bisli müntəzəm idmanla məşğul olanların ən çox buraxdığı səhvdən danışıb. Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, məşqdən sonra duş qəbul etməmək sağlamlığa ciddi ziyan vuraraq dəri infeksiyalarına yol aça bilər.

Mütəxəssis bildirib ki, idman zamanı dəri üzərində tər, kir və piy yığılır. Əgər onlar vaxtında təmizlənməsə, məsamələri tıxayaraq səpgilərə, dermatitə və follikulitə – yəni tüklərin çıxış yollarının iltihabına səbəb ola bilər. Bundan əlavə, isti və rütubətli mühit bakteriyaların çoxalması üçün ideal şərait yaradır ki, bu da xoşagəlməz qoxulara gətirib çıxarır.

Həkimin sözlərinə görə, ən təhlükəli nəticələrdən biri stafilokokk və onun daha davamlı forması olan MRSA infeksiyasıdır. Bu bakteriyalar dəridəki xırda çatlar vasitəsilə orqanizmə daxil olaraq irinli abseslər yarada və hətta cərrahi müdaxilə tələb edə bilər. Bundan başqa, məşqdən sonra duş qəbul etməmək ayaq göbələyi, qasıq epidermafitiya və dəriyə yayılan digər göbələk xəstəliklərinə səbəb ola bilər.

Dermatoloqların ümumi mövqeyi belədir: idmandan sonra ən geci 30 dəqiqə ərzində duş qəbul edilməlidir. Bu zaman balanslaşdırılmış pH-a malik yumşaq təmizləyici vasitələrdən istifadə etmək tövsiyə olunur. Akneyə meyilli dəri üçün salisilik və ya glikol turşulu gellər, həssas dəri üçün isə ətirsiz və hipoallergen formulalar məsləhətdir.

İdman sonrası düzgün gigiyena həm dəri sağlamlığını, həm də ümumi rifahı qorumağın ən sadə və effektiv yoludur.