
Düzgün qida seçimi yalnız sağlamlığı qorumaqla kifayətlənmir, həm də erkən yaşlanma əlamətlərinin qarşısını almağa kömək edir. Foodinfo.az xəbər verir ki, Avstraliyanın Edith Cowan Universiteti, Şimali İrlandiyanın Queen’s Universiteti və ABŞ və Danimka alimləri 86 mindən çox insanın məlumatlarını təhlil edərək flavonoidlə zəngin qidaların yaşlanma prosesini yavaşlatdığını müəyyən ediblər. Nəticələr American Journal of Clinical Nutrition jurnalında dərc olunub.
Tədqiqatda 60 yaşdan yuxarı şəxslərin rasionu, həyat tərzi və sağlamlıq vəziyyəti qiymətləndirilib. Məlum olub ki, flavonoid tərkibli məhsullar — giləmeyvələr, qara çay, sitrus meyvələri və almalar — zəiflik, fiziki funksiyaların pisləşməsi və psixi sağlamlıq problemləri kimi yaşlanmanın mənfi təsirlərini əhəmiyyətli dərəcədə azalda bilir.
Araşdırma göstərib ki, qadınlarda bu qidaların müntəzəm istehlakı zəiflik riskini 11–21%, fiziki pozuntuları 4–14%, psixi sağlamlıq problemlərini isə 10–15% azaldır. Kişilər üçün isə flavonoidlərin istehlakı xüsusilə psixi sağlamlığa müsbət təsir göstərib.
Alimlərin sözlərinə görə, gündə üç porsiya flavonoidli qidaların əlavə edilməsi qadınlarda yaşlanma ilə bağlı problemlərin riskini 6–11%, kişilərdə isə 15% azalda bilər.
Beləliklə, qara çay, giləmeyvələr, sitrus və almaları gündəlik rasiona daxil etmək, həm bədənin, həm də zehnin sağlam qalmasına kömək edir. Bu, uzun müddət yüksək həyat keyfiyyətini qorumağın sadə, lakin effektiv üsullarından biridir.
Tədqiqatçılar vurğulayıblar ki, flavonoidlər yalnız antioksidant təsiri göstərmir, həm də bədənin iltihab reaksiyalarını azaldaraq hüceyrələrin sağlamlığını dəstəkləyir.
Nəticədə, yaşlanma prosesini gecikdirmək və sağlamlığın qorunması üçün flavonoidlə zəngin qidaları gündəlik rasiona daxil etmək tövsiyə olunur.