Müasir insan üçün telefon həm zəngli saat, həm planlayıcı, həm də əsas informasiya mənbəyinə çevrilib. Lakin fasiləsiz ekran istifadəsi beynin istirahət imkanlarını azaldır və psixoloji gərginliyi artırır. Mütəxəssislər rəqəmsal fasiləni sağlam həyat tərzinin vacib elementi kimi qiymətləndirirlər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, psixoterapevt İrina Kraşkına uzunmüddətli ekran vaxtının, xüsusilə axşam saatlarında istifadənin yuxu keyfiyyətini aşağı saldığını bildirib. Araşdırmalar göstərir ki, ekran qarşısında çox vaxt keçirmək gündüz yuxululuğu, diqqət pozğunluğu və narahatlığın artması ilə əlaqələndirilir. Bu təsir xüsusilə uşaqlar və yeniyetmələr üçün daha qabarıqdır.

Mütəxəssis qeyd edib ki, ekranlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Bu hormon yuxuya getməni və daxili bioloji saatın tənzimlənməsini təmin edir. Nəticədə insan gec yatır, yuxusu tez-tez bölünür və kifayət qədər yatdığı halda belə özünü yorğun hiss edir.

Bununla yanaşı, davamlı bildirişlər, qısa videolar və sosial şəbəkə lentləri diqqətin parçalanmasına səbəb olur. İnsanlar işləri yarımçıq qoyur, tez-tez mövzu dəyişir və məlumatları daha çətin yadda saxlayırlar. Həkimlər “rəqəmsal gigiyena” anlayışını ön plana çəkərək bildirirlər ki, informasiya mühitinə nəzarət də sağlam həyat tərzinin ayrılmaz hissəsi olmalıdır.