Bəzi insanlar üçün yemək bişirmək yaradıcılıq prosesidir, bəziləri üçün isə gündəlik məcburiyyətdir. Hər iki halda mətbəxdə vaxt və zəhmətə qənaət edən kiçik fəndlər böyük kömək ola bilər. Foodinfo.az BB.LV-yə istinadən xəbər verir ki, peşəkar aşpazlar yeməklərin həm dadını, həm də görünüşünü yaxşılaşdıran sadə, lakin effektiv kulinariya üsullarını tövsiyə edirlər.

Məsələn, gül kələmini bişirərkən suya bir az süd və duz əlavə etmək onun ağ rəngini qorumağa kömək edir. Bişmiş və ya qovrulmuş tərəvəzlərin rəngini canlı saxlamaq üçün onları dərhal buzlu suya salmaq məsləhət görülür. Şirin xəmir məmulatlarına yarım çay qaşığı duz əlavə etmək desertin dadını korlamır, əksinə bütün inqrediyentlərin aromasını daha yaxşı üzə çıxarır.

Düyünün dənəvər alınması üçün bişdikdən sonra qazanın üzərini mətbəx dəsmalı ilə örtmək artıq nəmin sovrulmasına kömək edir. Limon və ya laymdan daha çox şirə almaq üçün onu sıxmadan əvvəl qısa müddət mikrodalğalı sobada qızdırmaq tövsiyə olunur. Aşpazlar ideal tort bişirmək üçün şəkərlə unun çəkisinin eyni olmasını, yumurtanın sayının isə yağın miqdarı ilə uyğunlaşdırılmasını məsləhət görürlər.

Ətin daha yumşaq və şirəli alınması üçün bişirməzdən əvvəl yumurta ağı və bir qədər qarğıdalı nişastası ilə marinad etmək effektiv üsul sayılır. Salata əlavə ediləcək tərəvəzləri əvvəlcədən azca duzlamaq onların suyunu və dadını qorumağa kömək edir. Qəhvəyə bişirməzdən əvvəl bir çimdik duz və darçın əlavə etmək isə içkinin dadını yumşaldır və ətrini daha da zənginləşdirir.

Mütəxəssislər qeyd edirlər ki, bu sadə fəndlər gündəlik yeməkləri daha ləzzətli və estetik hala gətirə bilər.