Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun AVRO-2020-də Macarıstanla matçdan öncə “Coca-Cola” şüşələrini masadan götürməsi böyük səs-küy yaradıb. Foodinfo.az xəbər verir ki, bu, bir çox məşhur tərəfindən trend olaraq qəbul edilib.
Belə ki, Kriştianonun ardınca İtaliya millisinin futbolçusu Manuel Lokatelli də eyni addımı atıb. O da “Coca-Cola” şüşələrini masadan götürməklə Ronaldoya dəstək olub.
Daha sonra Niderland millisinin sabiq ulduzu Rayan Babel də eyni addımı atıb. Fransa yığmasının ulduzu Pol Poqba isə müsəlman olduğu üçün qarşısına qoyulan pivə şüşəsini masadan qaldırıb.
Hazırda Ronaldonun başlatdığı bu trend davam edir.
“Coca-Cola” ulduz oyunçunun bu hərəkətindən sonra dünyada dəyər itirməyə başlayıb. Hətta xarici KİV-in yazdığına görə, şirkət 1 gün ərzində 4 milyard dollar ziyana düşüb.
UEFA isə artıq bu məsələyə müdaxilə edərək ölkələrin futbol federasiyalarına xəbərdarlıq göndərib. Qitə futbol qurumu federasiyalara bildirib ki, əgər bir də onların milli komandalarının futbolçuları çempionatın sponsoru olan şirkətlərin məhsullarına qarşı eyni addımı atarsa, buna görə cəza alacaqlar.
Rusiya millisinin Baş məşqçisi Stanislav Çerçesov və Belçika yığmasının çalışdırıcısı Roberto Martines isə mətbuat konfranslarında “Coca-Cola” içməklə Ronaldoya qarşı çıxıblar.
Bütün dünyada Ronaldonun bu hərəkəti sağlamlıq üçün atılan addım kimi dəyərləndirilsə də, əslində məsələ fərqlidir. Çünki portuqaliyalı ulduzun özü də 2006-cı ildə “Coca-Cola”nın reklamlarında yer alıb. Həmin il dünya çempionatı öncəsi çəkilən reklamdan sonra Ronaldo böyük gəlir əldə etmişdi.
Məhz bu səbəbdən dünya mediası bunu müzakirə edir: Ronaldo həqiqətənmi sağlamlığa ziyan olduğu üçün bu addım atıb, yoxsa ulduz oyunçu yeni reklam müqaviləsi üçün çalışır?