Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.
Foodinfo.az-ın xəbərinə görə, həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində İnstitutunun əməkdaşları tərəfindən “Sağlam qidalanma” əl kitabçası hazırlanır. Sözügedən kitabçada “Sağlam qidalanma nədir”, “Gündəlik istehlak normaları”, “İnsan orqanizmində vitamin və mineralların əhəmiyyəti”, “Sağlam qida rasionunun tərtibi”, “Xəstəliklər zamanı qidalanma”, “Zərərli qidalar”, “Qida zərərvericiləri”, “Sağlam menyu” başlıqları altında maraqlı məlumatlar dərc olunacaq. Ümumilikdə kitabçada qida məhsullarının tərkibinə görə qruplaşdırılması (yağ, zülal, karbohidrat tərkibli və lifli qidalar), gündəlik istehlak edilən təzə və quru meyvələr, tərəvəzlər, un məmulatları, qənnadı məmulatları, ət və ət məhsulları, paxlalılar, süd və süd məhsulları, yağ, şəkər, duz və mayenin gündəlik istehlak normaları, qida məhsullarının tərkibindəki minerallar və vitaminlərin insan orqanizminə təsirləri kimi məsələlərin əhatə edilməsi nəzərdə tutulur. Həmçinin körpələr, uşaqlar, yeniyetmələr, gənclər, yetkin və yaşlı insanlar, hamilə və süd verən qadınlar, vegeterianlar, idmançılar üçün sağlam qida rasionu, o cümlədən diabet, ürək-damar, onkoloji, həzm sistemi, təzyiq, qalxanvari vəzin xəstəlikləri və allergiya zamanı düzgün və sağlam qidalanma qaydaları da kitabçada öz əksini tapacaq. Kitabçada zərərli qidalar, qida zəhərlənmələri, qida məhsullarının düzgün saxlanma qaydaları haqqında da məlumatlar veriləcək. Kitabçanın sonunda “Sağlam menyu” bölməsində detoks təsirə malik kokteyllər, sağlam qızartmalar, salatlar, şorbalar haqqında məlumatların verilməsi də nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, qidalanmanın sağlam şəkildə olması orqanizmin digər funksiyalarının da düzgün formada yerinə yetirilməsini və sağlam gələcəyi təmin edir. Məhz bu baxımdan, ölkəmizdə əhalinin sağlam qidalanma barədə maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.