Mütəxəssislər bildirirlər ki, müasir dövrdə smartfonlardan həddindən artıq istifadə insanın psixoloji vəziyyətinə və sinir sisteminə mənfi təsir göstərə bilər. Buna görə də vaxtaşırı “rəqəmsal detoks” etmək və elektron cihazlardan uzaq qalmaq faydalı hesab olunur.
Foodinfo.az “Vechernyaya Moskva” saytına istinadla xəbər verir ki, klinik psixoloq İlya Əhmədov telefon və digər elektron cihazlardan mütəmadi fasilə verməyin beynin informasiya yüklənməsini azaltmağa kömək etdiyini bildirib. Onun sözlərinə görə, davamlı bildirişlər, mesajlar və xəbər lentləri insan beynini daim aktiv vəziyyətdə saxlayır.
Mütəxəssis qeyd edib ki, sinir sisteminin həqiqətən dincəlməsi üçün telefondan ən azı bir neçə saat uzaq qalmaq lazımdır. Onun sözlərinə görə, optimal fasilə 6–12 saat hesab olunur. Həftəsonları və ya məzuniyyət zamanı isə yarım gün və ya tam gün telefondan istifadə etməmək daha yaxşı nəticə verə bilər.
Psixoloq əlavə edib ki, telefon istifadəsini birdən-birə tam dayandırmaq bəzi insanlarda narahatlıq və əsəbilik yarada bilər. Buna görə də rəqəmsal detoksu mərhələli şəkildə tətbiq etmək tövsiyə olunur: məsələn, telefonu yataq otağından uzaqlaşdırmaq, bildirişləri söndürmək və gəzinti və ya istirahət zamanı cihazdan istifadə etməmək.
Mütəxəssisin sözlərinə görə, bu cür fasilələr narahatlığı azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır, diqqəti artırır və insanların bir-biri ilə ünsiyyətini daha səmərəli edir. Buna görə də qısa fasilələri hər gün, daha uzun “rəqəmsal detoksu” isə həftədə ən azı bir dəfə etmək tövsiyə olunur.






