The Mirror saytı qış bayramlarında dişləri şirniyyatlardan qorumağın sadə, amma təsirli yollarını açıqlayıb. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu dövrdə şəkərli qidaların artması diş minasının həssaslığını yüksəldir və xüsusi diqqət tələb edir.

Stomatoloq Dipa Çopranın sözlərinə görə, bayram günlərində tez-tez qida qəbul edilməsi və şirniyyatın tərkibindəki turşu diş minasında eroziyanı sürətləndirir. İnsanların çoxu bu prosesin nə qədər ziyanlı olduğunu yalnız diş ağrısı və dişətində həssaslıq hiss etdikdən sonra anlayır. O bildirib ki, düzgün seçilmiş bəzi qidalar dişləri bu zərərdən qoruya bilər.

Mütəxəssis vurğulayıb ki, pendir şirniyyatlardan sonra ağız boşluğunu qoruyan ən faydalı məhsullardan biridir. Bunun səbəbi onun ağızda pH səviyyəsini yüksəltməsi, tüpürcək ifrazını artırması və diş minasını möhkəmləndirən kalsium və fosfatla zəngin olmasıdır. Çopranın sözlərinə görə, desertdən sonra kiçik bir tikə pendir yemək turşunu neytrallaşdıraraq şirniyyatların təsirini azalda bilir.

Tədqiqatlar da bu fikri təsdiqləyir: PubMed-də dərc olunmuş araşdırmada 12–15 yaşlı uşaqların diş lövhəsində pH dəyişiklikləri izlənilib və nəticələr göstərib ki, pendir karyesin qarşısının alınmasında ən təsirli süd məhsulu olub. Araşdırmaya əsasən, pendir yeyən qrupda pH səviyyəsi 30 dəqiqə sonra daha yüksək olub və bu dəyişiklik diş minasını qoruyan mühit yaradıb.

Çopra bununla yanaşı bəzi digər sağlam seçimləri də qeyd edib. Mütəxəssis bildirib ki, hinduşka ətindəki kalsium və fosfor diş minasının möhkəmliyinə töhfə verir, lakin liflərinin diş aralarında qala biləcəyinə görə yeməkdən sonra diş sapından istifadə vacibdir. Həkim həmçinin bildirib ki, qoz-fındıq kimi çərəzlər kalsium və D vitamini ilə zəngin olduğundan bayram günlərində ən yaxşı qəlyanaltı variantları sayılır və dişlərin, eləcə də sümüklərin sağlamlığını dəstəkləyir.

Mütəxəssis sonda vurğulayıb ki, düzgün kombinasiyalar seçilərsə, şirniyyatlardan tam imtina etmədən də dişləri qorumaq mümkündür. Bayram günlərini diş sağlamlığını təhlükəyə atmadan keçirmək isə sadəcə bir neçə kiçik vərdiş dəyişikliyi ilə mümkündür.