Havanın kəskin soyuması ilə birlikdə mütəxəssislər bir daha başı soyuqdan qorumağın vacibliyini xatırladırlar. Foodinfo.az xəbər verir ki, Sports.kz-in Liter.kz-ə istinadən yaydığı məlumata görə, Piroqov Universitetinin mütəxəssisi Dmitri Karpenko soyuğun insan bədəninə necə təsir etdiyini açıqlayıb.
Ekspert bildirir ki, qan dövranının daha zəif olduğu nahiyələr — əl, ayaq və baş — soyuğa qarşı daha həssasdır. Xüsusilə hava temperaturu −15°C-dən aşağı düşdükdə bu hissələr soyuğun təsirini daha sürətlə hiss edir. Bu səbəbdən qış aylarında isti saxlayan və dəridə yaranan nəmi uzaqlaşdıran baş geyimi və digər qoruyucu paltarlar mütləq istifadə edilməlidir.
Alimlərin araşdırmaları göstərib ki, soyuq hava burun selikli qişasının yerli antiviral müdafiəsini zəiflədir. Məlumatlara görə, aşağı temperatur immun cavabda iştirak edən müəyyən zülalların istehsalını təxminən 42 faiz azaldır. Bu isə orqanizmin viruslara qarşı müqavimətini xeyli zəiflədir.
Karpenko qeyd edir ki, baş geyimi və isti şərf taxmaq burunun tam şəkildə soyumasının qarşısını almasa da, başın və boyun hissəsinin isti saxlanması ümumi bədən temperaturunu qoruyur və soyuğun mənfi təsirlərini azaldır.
Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş baş geyimi təkcə istilik yox, həm də sağlamlıq üçün əlavə qoruma təmin edən vacib bir vasitədir.






