Yeni tədqiqat vegan və Aralıq dənizi qidalanmasının kilo itkisinə təsirini müqayisə edib. Foodinfo.az Frontiers in Nutrition jurnalına istinadla xəbər verir ki, araşdırmaya əsasən, aşağı yağlı vegan pəhrizi məşhur Aralıq dənizi diyetasından daha çox kilo itkisinə səbəb olur, hətta “zərərli” hesab olunan bitki məhsulları da daxil olduqda.
Tədqiqat 62 artıq çəkili yetkin şəxsin məlumatlarını yenidən analiz edib. 16 həftə ərzində bir qrup vegan pəhrizinə (meyvə, tərəvəz, taxıl və paxlalılar), digər qrup isə Aralıq dənizi pəhrizinə (meyvə, tərəvəz, paxlalılar, balıq, az yağlı süd məhsulları, zeytun yağı) əməl edib. Kalori məhdudiyyəti qoyulmayıb.
Nəticələr göstərib ki, vegan pəhrizi yalnız kilo itkisi üçün deyil, həm də insulin həssaslığının və xolesterin səviyyəsinin yaxşılaşması üçün daha təsirli olub. Maraqlıdır ki, analiz göstərib ki, kilo itkisi hətta “zərərli” sayılan bitki məhsullarının (kartof, təmizlənmiş taxıllar) vegan diyetində istehlakının artması ilə bağlı olub.
Tədqiqatın aparıcı müəllifi Xana Kaleova izah edib ki, effektivliyin əsas amili heyvan məhsulları və yağların çıxarılmasıdır, yalnız “sağlam” bitki qidalarına fokuslanmaq deyil.






