Yuxu zamanı bədənin vəziyyəti insanın sağlamlığına və uzunömürlülüyünə birbaşa təsir göstərir. Foodinfo.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin rəhbəri, somnoloq Aleksandr Kalinkin bəzi yuxu pozalarının orqanizm üçün ciddi təhlükə yaratdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, ən zərərli yuxu forması arxasıüstə yatmaqdır. Kalinkin vurğulayıb ki, bu vəziyyətdə yatmaq ömrün uzunluğuna mənfi təsir edir, həmçinin baş hissəsindən venoz qanın axını pozulduqda vəziyyəti daha da ağırlaşdırır.
Arxasıüstə yatan insanlarda hipoksiya — yəni orqanizmdə oksigen çatışmazlığı riski artır ki, bu da ürək və beyin fəaliyyətini zəiflədir.
Somnoloq qeyd edib ki, qarınüstə yatmaq da orqanizm üçün əlverişli deyil, çünki bu vəziyyət daxili orqanlara təzyiq yaradır və qan dövranını pozur.
Mütəxəssis fizioloji baxımdan ən uyğun yuxu formasının yanüstə yatmaq olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, bir çox insanlar yuxu zamanı bədən vəziyyətini bilmədən dəyişdiyi üçün bu qaydanı tam şəkildə qorumaq mümkün olmur.






