Qarabağda çəkilən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib.
Foodinfo.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb. Bildirilir ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Qeyd edilib ki, çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.
Həmçinin inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edib. Eyni zamanda Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir.
Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilmiş və bir neçə yeni abidə aşkar olunub.