Azərbaycanda qida zəhərlənməsi zamanı “ilk yardım” məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.
Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.
Foodinfo.az saglamolun.az-a istinadən bunun səbəblərin izah edir.
Zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.
Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.
Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?
- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.
- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.
- Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu preparatlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.
- Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə regidron və ya oralit verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir. Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir.
- Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz (!).
- Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur.