ADA Universitetinin nümayəndələri və bu təhsil müəssisəsində təlim keçmək üçün İtaliyanın Bolonya Universitetindən ölkəmizə səfər edən professor-müəllim heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə qonaqlar İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlara ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə də məlumat verilib. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ADA Universiteti və Bolonya Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb. Bolonya Universitetinin professor-müəllim heyəti ölkəmizə bu proqram çərçivəsində gəlib.