Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva Türkiyənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanındakı daimi nümayəndəsi, səfir Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Foodinfo.az xəbər verir ki, görüşdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları da iştirak edib.

Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib.

Həmçinin görüşdə Azərbaycanın ÜTT-yə üzvlük prosesinin cari vəziyyəti və qarşıda duran məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, bundan əvvəl AQTA-da ÜTT-yə üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində görüşlər keçirilib. Həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialın artırılması” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda seminar təşkil olunub.