Kəskin respirator xəstəlik əlamətləri olan işçilərin xəstəlikdən azad olanadək evdə qalmaları tövsiyə olunur. Foodinfo.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişdə qeyd olunub. Agentlik ictimai iaşə müəssisələrini sağlamlıq vəziyyətinə şübhə olan işçiləri evdə qalmağa təşviq etməyə çağırıb. Agentliyin işçi heyətinin müayinəsi ilə bağlı digər metodiki göstərişləri aşağıdakılardır: - Kəskin respirator xəstəlik əlamətləri hiss edən işçilərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb etməyin. - Xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan verən çevik siyasət formalaşdırın. Bu səbəblə adi vaxtlarda olduğundan daha çox işçinin evdə qala biləcəyini nəzərə alın. - Sağlamlıq vəziyyətinə şübhə olan işçiləri digərlərindən ayırın. - İşə gəldikdə və ya gün ərzində kəskin respirator xəstəlik əlamətləri (öskürmə, nəfəs darlığı və s.) göstərən işçilərin digərləri ilə təması kəsilməli, onlar dərhal evə göndərilməli və təcili tibbi yardım üçün tibb müəssisəsinə müraciət etməlidir.