Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla bağlı Fransa Respublikasında işgüzar səfəri davam edir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, səfər çərçivəsində Q.Təhməzli və ÜHST-nin Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının prezidenti Cristobal Zepedanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan tərəfindən təqdim edilmiş PPR müraciəti ilə əlaqədar Elmi Komissiyanın qiymətləndirmə hesabatı və tövsiyələri, habelə rəsmi status üçün yenidən müraciət etməzdən əvvəl görülməli işlər barədə müzakirələr aparılıb.
Görüş zamanı Q.Təhməzli son illərdə Azərbaycanda heyvan sağlamlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlər və innovativ yeniliklərin tətbiqinin heyvan xəstəlikləri ilə mübarizə istiqamətində, həmçinin qida təhlükəsizliyinin təmin olunması sahəsində öz bəhrəsini verdiyini bildirib. Agentlik sədri qeyd edib ki, məqsədimiz “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir.
Daha sonra Agentlik sədri və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidmətinin direktor müavini Devidas Kluiçinskasın rəhbərlik etdiyi nümayəndə heyətləri arasınnda görüş keçirilib. Görüşdə Q.Təhməzli 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələbləri qarşı tərəfin diqqətinə çatdırıb.
Görüş çərçivəsində ölkəmizin baytarlıq sisteminin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə Tvinninq layihəsinin hazırlanması, Litvanın Kaunas şəhərində yerləşən Süd Tədqiqatı laboratoriyası ilə Agentlik arasında “Taiex” layihəsinin hazırlanması, Litvada süd nəzarət sistemi, südün təhlükəsizliyi və keyfiyyətinin artırılması üzrə Litva təcrübəsinin bölüşülməsi istiqamətində fikir mübadiləsi aparılıb.