Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Belarus Respublikasının “Toxumçuluq, Karantin və Bitki Mühafizəsi Baş Dövlət Müfəttişliyi” Dövlət Müəssisəsinin nümayəndələri arasında onlayn görüş olub.

Foodinfo.az xəbər verir ki, görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.

Daha sonra Belarusdan respublikamıza idxal olunan ərzaqlıq kartof məhsulunda aşkarlanan uyğunsuzluqlarla əlaqədar AQTA tərəfindən bu ölkənin Kənd Təsərrüfatı və Qida Nazirliyi ilə “Toxumçuluq, Karantin və Bitki Mühafizəsi Baş Dövlət Müfəttişliyi” Dövlət Müəssisəsinə göndərilən bildirişlərlə bağlı müzakirələr aparılıb. Belarus nümayəndələri bildirişlərdə qeyd edilən uyğunsuzluqlarla əlaqədar araşdırmaların aparıldığını və müvafiq tədbirlərin görüldüyünü bildiriblər. Agentliyin nümayəndələri Belarusdan ölkəmizə gətirilən ərzaqlıq kartofda aşkarlanan uyğunsuzluqların aradan qaldırılmasının və bu məhsulun müvafiq tələblərə cavab verməsinin vacibliyini vurğulayıblar. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.